Avropanın nüfuzlu KİV-lərinin 20-dək jurnalisti Azerfon MMC-nin Baş İcraçı Direktoru, Gido Helbixlə görüşdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını müzakirə ediblər.
Jurnalistlərlə görüş zamanı "Azerfon"-un Baş İcraçı Direktoru Azərbaycanın son illər ərzində iqtisadi göstəricilərinə görə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında olduğunu bildirmişdir. O, informasiya-kommunikasiya texnologiyaları sahəsinin ölkənin qeyri-neft sektorunda prioritet istiqamət kimi müəyyən edildiyini bildirərək "Azerfon"-un bu sahədə ən dinamik inkişaf edən mobil rabitə xidmətləri üzrə operator olduğunu vurğuladı.
"Azerfon ölkənin mobil rabitə bazarında ən gənc şirkət olmasına baxmayaraq onun abunəçilərinin sayı artıq 1.5 milyonu keçib. "Biz Azərbaycan əhalisinə ən son texnologiyalar əsasında yüksək xidmət görsətməyə çalışırıq, və bunun üçün dünya mobil rabitə bazarının nəhəngi olan "Vodafone"-la strateji əməkdaşlığa başlamışıq" - deyə cənab G.Helbix avropalı jurnalistlərə görüşdə ölkədə "Azərfon"-un prioritet istiqamət fəaliyyətləri haqqında strategiyası haqqında öz fikrini bildirmişdir.
Görüşdə iştirak edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi, Maliyyə və İqtisadi Təhlil şöbəsinin rəhbəri Rəşad Nəbiyev ölkə iqtisadiyyatının inkişafında özəl sektora düşən payın 85%-ni məhz informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsinə məxsus olduğunu söyləmişdir.
16 müxtəlif Avropa ölkələrini (İtaliya, Yunanıstan, Fransa, Avstriya, İspaniya, Finlandiya, Estoniya, Latviya, Polşa, Rumıniya və s.) təmsil edən jurnalistlər Azərbaycana 4 günlük tanışlıq səfəri çərçivəsində bir sıra hökumət orqanları, beynəlxalq təşkilatlar və media qurumları ilə görüşmüşlər. Səfər Avropa Birliyinin Avropa Qonşuluq Proqramı çərçivəsində təşkil edilmişdir.



